Travmatologiya və Ortopediya

Travmatologiya və Ortopediya

Leyla Medical Centerin Travmatologiya və Ortopediya şöbəsində aşağıda qeyd olunan xidmətlər göstərilir:

Travmatik zədələnmələr:

Təkrarlanan hərəkətlər, uzunmüddətli fiziki yüklənmə və bəzi iş vərdişləri əzələ, vətər və sinirlərdə müxtəlif problemlərə səbəb ola bilər. Karpal tunel sindromu bilək nahiyəsində median sinirin sıxılması nəticəsində yaranır və əl barmaqlarında keyimə, qarışqa gəzməsi, ağrı, bəzən isə əzələ zəifliyi ilə müşahidə olunur.

Yıxılma, idman fəaliyyəti, qəfil hərəkət və fiziki yüklənmə nəticəsində bağlarda dartılma və ya qopma, vətərlərdə isə qismən və ya tam yırtılma yarana bilər. Bu zədələnmələr ağrı, şişkinlik, göyərmə, hərəkət məhdudluğu və oynağın sabitliyinin pozulması ilə özünü göstərə bilər.

Bu nahiyələrdə baş verən dartılmalar, bağ və vətər yırtılmaları, yumşaq toxuma zədələri və sadə sınıqlar travmatologiya və ortopediyanın əsas müalicə istiqamətlərindəndir. Zədələnmələr gündəlik hərəkətləri çətinləşdirə, ağrıya və müvəqqəti funksional məhdudiyyətə səbəb ola bilər.

Diaqnostik müayinələr:

Rentgenoqrafiya sümük və oynaqların vəziyyətini qiymətləndirmək üçün istifadə olunan görüntüləmə müayinəsidir. Bu üsul sınıqların, çıxıqların, sümük deformasiyalarının və oynaqlarda baş verən bəzi dəyişikliklərin aşkarlanmasına kömək edir.

Ultrasəs müayinəsi səs dalğaları vasitəsilə yumşaq toxumaların və bəzi oynaq strukturlarının görüntülənməsinə imkan verir. Əzələ və vətər zədələnmələri, bağlarda dəyişikliklər, oynaq ətrafında maye toplanması və yumşaq toxumalardakı digər patologiyaların araşdırılmasında istifadə olunur.

Pasiyentin şikayətlərindən, ilkin müayinə nəticələrindən və ehtimal olunan diaqnozdan asılı olaraq əlavə diaqnostik müayinələr aparıla bilər. Kompüter tomoqrafiyası (KT) sümük və oynaq strukturlarının daha detallı görüntülənməsinə, maqnit-rezonans tomoqrafiyası (MRT) bağ, vətər, menisk, əzələ və digər yumşaq toxumaların qiymətləndirilməsinə imkan verir. Sümük densitometriyası (DEXA) isə sümük mineral sıxlığını ölçmək, osteoporozu qiymətləndirmək və sınıq riskini müəyyənləşdirmək üçün istifadə olunur.

Müalicə yanaşmaları,Qeyri-cərrahi müalicə metodları:

Artrit və artroz kimi oynaq problemləri ağrı, sərtlik, şişkinlik və hərəkət məhdudluğu ilə müşayiət oluna bilər. İlkin müalicənin məqsədi ağrını azaltmaq, oynağın funksiyasını qorumaq və xəstəliyin gündəlik həyata təsirini minimuma endirməkdir.Müalicə planına pasiyentin vəziyyətinə uyğun dərman preparatları, fizioterapiya, müalicəvi hərəkətlər, həyat tərzi dəyişiklikləri və bəzi hallarda oynaqdaxili inyeksiyalar daxil edilə bilər.

Artıq bədən çəkisi xüsusilə diz və bud-çanaq oynaqlarına düşən yükü artıra bilər. Çəkinin sağlam həddə saxlanılması və düzgün seçilmiş fiziki aktivlik proqramı oynaqlara düşən yükün azaldılmasına, əzələlərin gücləndirilməsinə və hərəkət qabiliyyətinin qorunmasına kömək edir. Fiziki aktivlik proqramı pasiyentin yaşına, sağlamlıq vəziyyətinə, ağrı səviyyəsinə və fiziki imkanlarına uyğun hazırlanır.

Oynaq və yumşaq toxuma nahiyəsində ağrı və iltihabın azaldılması məqsədilə müəyyən hallarda lokal inyeksiyalar tətbiq oluna bilər. İnyeksiyanın növü və tətbiq yeri diaqnoza, pasiyentin ümumi vəziyyətinə və müalicə məqsədinə uyğun seçilir. Ağrının idarə olunması dərman müalicəsi, fizioterapiya, hərəkət rejiminin tənzimlənməsi və digər qeyri-cərrahi üsullarla birlikdə aparıla bilər.

Cərrahi müalicə metodları:

Sümük sınıqları zamanı əsas məqsəd sümük parçalarının düzgün anatomik vəziyyətə gətirilməsi, sabitləşdirilməsi və sağalma prosesinin təmin edilməsidir. Sınığın növündən və yerdəyişmə dərəcəsindən asılı olaraq qapalı reduksiya, gips və digər immobilizasiya üsulları və ya cərrahi fiksasiya tətbiq edilə bilər.

Əl cərrahiyyəsi əl, bilək və barmaqlarda yaranan travmatik zədələrin, sinir və vətər problemlərinin, sümük sınıqlarının və bəzi xroniki patologiyaların müalicəsini əhatə edir. Bu istiqamətdə vətər və sinirlərin bərpası, sınıqların fiksasiyası, karpal tunel sindromunda sinirin sıxılmasının aradan qaldırılması və digər rekonstruktiv müdaxilələr həyata keçirilə bilər.

Artroplastika ciddi oynaq zədələnməsi, irəliləmiş artroz və digər xəstəliklər nəticəsində yaranan ağrı və hərəkət məhdudiyyətinin müalicəsində tətbiq edilən cərrahi üsuldur. Əməliyyat zamanı zədələnmiş oynaq səthləri xüsusi süni protez komponentləri ilə əvəz olunur.

Pediatrik ortopediya uşaqlarda anadangəlmə və sonradan yaranan sümük, oynaq və ətraf deformasiya və patologiyalarının diaqnostikası və müalicəsi ilə məşğul olur. Bu problemlərə anadangəlmə bud-çanaq oynağı displaziyası, ayaq deformasiyaları, ətrafların uzunluq fərqləri və bəzi sümük inkişafı pozğunluqları aid ola bilər.

Yenilənmiş mobil tətbiqimiz hər zaman xidmətindədir.

iOS və Android əməliyyat sistemlərində mövcuddur.

Xəritədə Bax

Yüklənir...