Neonatologiya

Neonatologiya

Neonatologiya şöbəmizdə balaca pasiyentlərimizə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərilir. Şöbə, xaricdə təhsil almış təcrübəli uzman pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara uyğun xidmətlər təqdim edir.

Xidmətlər:

Doğuşdan sonra körpənin tənəffüsü, ürək döyüntüsü, əzələ tonusu və ümumi vəziyyəti dərhal qiymətləndirilir. Tənəffüsün kifayət qədər olmaması və ya ürək fəaliyyətində pozğunluq müşahidə edildikdə yenidoğulmuşlar üçün nəzərdə tutulmuş reanimasion tədbirlər həyata keçirilir. Bu tədbirlərə körpənin istiliyinin qorunması, tənəffüs yollarının ehtiyac olduqda açılması, müsbət təzyiqli ventilyasiya və göstəriş olduqda digər reanimasion müdaxilələr daxildir.

İntubasiya körpənin nəfəs borusuna xüsusi borunun yerləşdirilməsi prosedurudur. Bu müdaxilə körpənin müstəqil nəfəsalmasının kifayət etmədiyi və ya tənəffüs yollarının etibarlı şəkildə təmin edilməsinə ehtiyac olduğu hallarda aparılır. İntubasiya vasitəsilə oksigenin və tənəffüs dəstəyinin təmin edilməsi, həmçinin süni ventilyasiyanın həyata keçirilməsi mümkün olur

Mexaniki ventilyasiya körpənin müstəqil nəfəsalmasının kifayət etmədiyi hallarda xüsusi aparat vasitəsilə tənəffüsün dəstəklənməsidir. Bu üsul xüsusilə vaxtından əvvəl doğulmuş və tənəffüs çatışmazlığı olan yenidoğulmuşlarda tətbiq edilə bilər. Ventilyasiya zamanı oksigen konsentrasiyası, tənəffüs təzyiqi və digər parametrlər körpənin vəziyyətinə uyğun tənzimlənir.

Surfaktant ağciyərlərdə hava kisəciklərinin — alveolların açıq qalmasına kömək edən təbii maddədir. Vaxtından əvvəl doğulmuş körpələrdə surfaktantın çatışmazlığı tənəffüs çətinliyi sindromuna səbəb ola bilər. Belə hallarda xüsusi surfaktant preparatı nəfəs borusu vasitəsilə ağciyərlərə yeridilə bilər. Müalicə ağciyərlərin açılmasını və oksigen mübadiləsini yaxşılaşdırmağa kömək edir.

Göbək venası və arteriyasının kateterizasiyası yenidoğulmuşlarda dərmanların, mayelərin və qidalandırıcı məhlulların verilməsi, həmçinin laborator müayinələr üçün qan nümunələrinin götürülməsi məqsədilə həyata keçirilən prosedurdur. Göbək venoz kateteri vasitəsilə venadaxili müalicə və qidalanma təmin edilə bilər. Göbək arterial kateteri isə müəyyən hallarda arterial təzyiqin davamlı ölçülməsi və qan qazlarının təkrar yoxlanılması üçün istifadə olunur.

Mübadilə qan köçürülməsi yenidoğulmuşlarda müəyyən ağır hallarda, xüsusilə bilirubinin təhlükəli dərəcədə yüksəlməsi və bəzi qan uyğunsuzluğu vəziyyətlərində tətbiq edilən xüsusi müalicə üsuludur. Prosedur zamanı körpənin qanının kiçik həcmdə hissələri mərhələli şəkildə çıxarılır və uyğun donor qanı ilə əvəz edilir. Bu üsul bilirubin səviyyəsinin azaldılmasına və bəzi hallarda qandakı zərərli anticisimlərin və digər arzuolunmaz komponentlərin uzaqlaşdırılmasına kömək edir.

Fototerapiya yenidoğulmuşlarda bilirubin səviyyəsinin yüksəlməsi nəticəsində yaranan sarılığın müalicəsində istifadə olunur. Xüsusi işıq mənbəyinin təsiri ilə bilirubin orqanizmdən daha asan xaric edilə bilən formaya çevrilir. Prosedur zamanı körpə xüsusi fototerapiya cihazının altında yerləşdirilir və gözləri qorunur. Müalicə müddətində bilirubin səviyyəsi, bədən temperaturu və maye balansı izlənilir.

Yenidoğulmuşların vəziyyətinin davamlı qiymətləndirilməsi üçün ürək döyüntüsü, tənəffüs tezliyi, oksigen saturasiyası, bədən temperaturu və digər göstəricilər xüsusi cihazlarla izlənilir. Qeyri-invaziv monitorinq körpəyə damar və ya digər daxili müdaxilə edilmədən həyati göstəricilərin müşahidə olunmasına imkan verir

Neonatal skrininq yenidoğulmuşlarda bəzi irsi, metabolik və digər xəstəliklərin klinik əlamətlər yaranmazdan əvvəl aşkarlanması məqsədilə aparılan müayinələrdir. Skrininq proqramına daxil olan testlər ölkənin tətbiq etdiyi protokollara uyğun dəyişə bilər. Fenilketonuriya və qlükoza-6-fosfat dehidrogenaza (G6PD) çatışmazlığı kimi vəziyyətlər müəyyən edilə bilər.

Yenidoğulmuşlarda bəzi hormonal və endokrin xəstəliklərin erkən aşkarlanması uşağın normal inkişafı və sağlamlığının qorunması baxımından vacibdir. Bu məqsədlə klinik göstərişlərə və skrininq proqramına uyğun olaraq qalxanabənzər vəzinin funksiyası və digər hormonal göstəricilər qiymətləndirilə bilər.

Yenidoğulmuşlarda müxtəlif orqan və sistemlərin vəziyyətini qiymətləndirmək üçün ultrasəs müayinələrindən istifadə olunur. Müayinələr körpənin klinik vəziyyətinə və tibbi göstərişlərə əsasən aparılır. Baş beyin ultrasəs müayinəsi, ürək exokardioqrafiyası, qarın boşluğu orqanlarının və böyrəklərin ultrasəs müayinəsi vasitəsilə müvafiq anatomik strukturlar qiymətləndirilə bilər.

Rentgenoqrafiya yenidoğulmuşlarda ağciyərlərin, döş qəfəsinin, qarın boşluğunun və sümük strukturlarının qiymətləndirilməsi üçün istifadə edilə bilər. Xüsusilə tənəffüs problemləri, bəzi həzm sistemi patologiyaları və sümük zədələnmələri zamanı diaqnostik əhəmiyyət daşıyır.

Yenidoğulmuşların sağlamlıq vəziyyətini qiymətləndirmək və müalicənin effektivliyini izləmək üçün müxtəlif laborator analizlər aparılır. Bu müayinələrə qan qazları, ümumi qan analizi, sidiyin ümumi analizi və qan və sidiyin biokimyəvi göstəriciləri daxil ola bilər. Nəticələr əsasında oksigen və turşu-qələvi balansı, qan hüceyrələrinin vəziyyəti, böyrək və qaraciyər funksiyaları, elektrolitlər və digər göstəricilər qiymətləndirilir. Müayinələrin həcmi körpənin klinik vəziyyətinə uyğun müəyyən edilir.

Çox az doğum çəkisi ilə və ya vaxtından əvvəl dünyaya gələn körpələrin orqan və sistemləri tam inkişaf etmədiyindən onların xüsusi tibbi nəzarətə ehtiyacı ola bilər. Bu körpələrdə tənəffüs, bədən temperaturu, qidalanma, qan dövranı və infeksiyalardan qorunma xüsusi diqqətlə izlənilir. İntensiv terapiya çərçivəsində tənəffüs dəstəyi, venadaxili müalicə, parenteral və ya zond vasitəsilə qidalanma, temperaturun qorunması və digər dəstəkləyici tədbirlər həyata keçirilə bilər. Vəziyyət stabilləşdikdən sonra körpənin qidalanması, çəki artımı və inkişafı izlənilir.

Yenidoğulmuş və körpələrdə profilaktik peyvəndlər yoluxucu xəstəliklərdən qorunmanın əsas vasitələrindən biridir. Peyvəndlər milli immunizasiya təqviminə və qüvvədə olan tibbi tövsiyələrə uyğun aparılır. Peyvənddən əvvəl uşağın ümumi vəziyyəti və mümkün əks-göstərişlər qiymətləndirilir.

Doğuşdan sonra körpənin sağlamlıq vəziyyətinin, fiziki inkişafının və qidalanmasının müntəzəm qiymətləndirilməsi vacibdir. Kontrol müayinələr zamanı çəki artımı, boy, baş çevrəsi, reflekslər, dəri və sarılıq əlamətləri, qidalanma və ümumi inkişaf göstəriciləri yoxlanılır.Bu mərhələdə peyvəndlərin vaxtında aparılması, neonatal skrininq nəticələrinin izlənilməsi və ehtiyac olduqda əlavə müayinələrin təşkili də təmin edilir.

Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, Herpes, Toksoplazmoz, Xlamidioz, Vərəm, Hepatit və s.), Sepsis, Yenidoğulmuşun hemorragik pozğunluqları, Yenidoğulmuşun hemolitik xəstəliyi, Yenidoğulmuşun anemiyası, Endokrin pozğunluğu olan anadan doğulan uşaqlar, Ağ ciyər xəstəlikləri, Ürək – damar sisteminin xəstəlikləri, Mədə-bağırsaq sisteminin xəstəlikləri, Böyrək və sidik çıxarıcı sistemin xəstəlikləri, Mərkəzi sinir sistemi xəstəlikləri, Ekstremal az çəkili doğulan uşaqlara intensiv terapiya və qulluq,

Yenilənmiş mobil tətbiqimiz hər zaman xidmətindədir.

iOS və Android əməliyyat sistemlərində mövcuddur.

Xəritədə Bax

Yüklənir...