
“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans uğurla həyata keçirilib.
- Referans Medical Group və Türkiyənin “Uğur Sağlık Teknolojileri” MMC şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və KOBİA tərəfdaşlığı ilə konfrans baş tutub.
- Tədbirdə tibdə innovativ texnologiyaların tətbiqi, süni intellekt əsaslı həllərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Dövlət qurumlarının nümayəndələri, Türkiyə və Azərbaycan səhiyyə mütəxəssisləri rəqəmsallaşma, tibbi innovasiyalar və texnoloji tərəqqinin əhəmiyyəti barədə çıxış ediblər.
- Açılış mərasimində Referans Medical Group Müşahidə Şurasının sədri Hansıyar Babayev, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin İcraçı direktoru Fariz Cəfərov, KOBİA-nın sədr müavini Emil Hüseynli və “Uğur Sağlık Teknolojileri” MMC-nin Baş icraçı direktoru Yurdanur Murzoğlu çıxış edərək tibbi innovasiyaların inkişafı və beynəlxalq tərəfdaşlığın gücləndirilməsini vurğulayıblar.
- Konfransda “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın əhəmiyyəti qeyd olunub, sənədin süni intellektin inkişafını təşviq etdiyi, müasir texnologiyaların tətbiqini və ixtisaslı kadr potensialının gücləndirilməsini dəstəklədiyi vurğulanıb.
- Tədbir çərçivəsində Türkiyənin səhiyyə və texnologiya şirkətləri süni intellekt əsaslı reanimasiya sistemləri, VR simulyasiya texnologiyaları, uzaqdan fizioterapiya platformaları və müasir radioloji tətbiqlərlə bağlı təqdimatlar keçiriblər. Eyni zamanda, Leyla Medical Center-in Tibbi direktoru Dr. Sevda Cəfərova və Referans Medical Group-un Tibbi administratoru Dr. İbrahim Sivrikayanın moderatorluğu ilə innovativ tibbi texnologiyaların gələcək perspektivləri müzakirə olunub.
- Konfrans çərçivəsində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı MMC ilə “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan tibbi innovasiyalar və rəqəmsal səhiyyə sahəsində irəliləyərək sağlam gələcəyin formalaşmasına töhfə verməkdə davam edir.
- Linkə keçid edərək tədbirin qısa videohesabatı ilə tanış ola bilərsiniz. https://www.instagram.com/p/DQEXid4iqVS/
27 Oktyabr 2025
Yüklənir...