Körpələrdə saç tökülməsi normal haldır?

Doktor, uşağımın saçı tökülürdü. Biz də dədə-baba üsulundan istifadə etdik, saçını keçəl etdik.

Uşaqlarda saç tökülməsi ilk 6 ayda daha intensiv müşahidə olunur. Bu isə təbii bir prosesdir. Bu tökülmələr adətən uşağın gicgah hissəsində və ya boyunda dairəvi halqa şəklində ortaya çıxır.

Olan saçların da töküldüyü zaman ana və atalar, çarəni saçların sıxlaşması üçün xalq arasında doğru olduğu güman edilən, “saç qırxdırmada” axtarır. Heç bir elmi izahı olmayan saç qırxdırmaq məsələsi, uşağın saç dibini qıcıq etməkdən başqa bir işə yaramır.

Saç tökülməsinin çoxlu sayda səbəbləri var: 

Körpə yatarkən başını sürtür və sürtdüyü yerlərdə də saçlar daha çox tökülür. Daha sonra isə tökülən saçların yerində yeni tüklər çıxır. Bundan əlavə saçların tökülməsinə qanda bəzi mühüm mikroelementlərin və vitaminlərin çatışmazlığı da səbəb ola bilir. Buna ən çox dəmir, sink əskikliyi, vitamin D əskikliyini aid etmək olar. Bəzi xəstəliklərdən də saçlar tökülə bilər. Buna zob kimi bilinən, qalxanabənzər vəzin funksiyasının pozulmasını, bəzi autoimmun xəstəlikləri misal çəkmək olar. Bir qədər böyük yaşlı uşaqlarda isə saçların tökülməsinin ən böyük səbəbi yetkin insanlardakı kimi stress faktorudur.

Körpələrdə saç tökülməsi adətən normaldır və elə bir ciddi səbəbi olmur. Böyük yaşlı uşaqlarda isə çox vaxt stresə bağlı olur. Amma tam dəqiqləşdirmək üçün təbii ki, hər zaman həkimə müraciət etmək lazımdır.

Məlumat üçün Mərkəzimizin Uşaq Endokrinoloqu Dr.Samirə Nəsibovaya təşəkkür edirik.