“Abortlar təcrübəli həkimlər tərəfindən icra edilməlidir” - Cərrah mama-ginekoloq Raul Əzimov
- Azərbaycanda ginekoloqa ən çox hansı problemlərlə bağlı müraciət olunur?
- Bildiyimiz kimi, 2022-ci ilin əvvəlinə olan statistikaya görə, ölkə əhalisinin ümumi sayının 50 faizini qadınlar təşkil edib. Bu da təxminən 5 milyona yaxın qadın deməkdir. Qadınlar çoxluq olaraq Bakı şəhərində məskunlaşdığına görə ilk öncə bu sualın cavabını Bakı şəhəri üzərindən cavablayacam. Şikayətləri sıralasaq daha çox qarşılaşdıgımız vaginal axıntılar, aybaşı dönəmində ağrılar, menopauza-klimaks dönəmində halsızlıq, istilik basmaları kimi qeyd edə bilərəm. Hər bir qadının ən az ildə bir dəfə müayinə olması lazımdır ki, bəzi xəstəlikləri zamanında aşkarlayıb müalicə edə bilək. Bölgələrimizdə isə əsas problem uşaqlıq sallanması, sidikqaçırma ilə bağlıdır. Bu həm hamiləlik, həm də doğuşlarla bağlı olaraq yaranan bir problemdir. Qadınlar uzun müddət bu problemdən əziyyət çəkirlər. Ağrısalar da utandıqlarından həkimə gəlmirlər.
Digər çox rast gəlinən problem isə daha çox menstrual disfunksiyalarda özünü biruzə verir. Qadınlarda menstruasiya zamanı qanama müddətinin uzun olması, menstruasiya tsiklinin qeyri-müntəzəm olması əksər pasiyentlərdə rast gəlinir.
- Ölkədə, xüsusən bölgələrdə erkən yaşda nigah hallarına çox rast gəlinir. Bu qadınlar üçün hansı təhlükələrə səbəb ola bilər?
- Erkən nigahlar bütün bölgələrimizdə vardır. Bölgələrimizdə tək erkən nigahlar deyil, qohum evlilikləri də çoxdur. Maarifləndirmə və xəstəliklərin artımı müşahidə olunsa da, qohum nigahlarına yenə də rast gəlinir. Erken nigahlar bütün dövrdə olub. Sadəcə, indi bu məsələ qanunvericiliklə tənzimləndiyindən nisbətən azalıb. Ümumiyyətlə, qadın orqanizmində 16-17 yaşında hələ formalaşma gedir. Yumurtalıqlar və onun ifraz etdiyi hormanlar olğunlaşma dönəmində olur, yəni tamamlanma həmin yaş dövründə hələ davam edir. Evlilik üçün qızın boyunun uzun və ya dolu bədənli olması əsas deyil. Önəmli olan onun beyninin inkişaf etməsidir. Yəni bütün inkişaf əlaqəli olmalıdır. Erkən yaşda ailə quran xanımın uşaq sahibi olmağı, gələcəkdə övladına tərbiyə verməsi məsələsi var. Bütün hallarda erkən nigahlara yol verilməməlidir. Erkən yaşda bir qadının hamilə qalması həm özünün, həm də körpəsinin həyatı üçün təhlükəlidir. Erkən doğum riski, prematüre yenidoğulmuş riski, doğuş zamanı qanaxmaların olması, kilosu az uşaq doğulma riski, beyni tam inkişaf etməmiş yeni doğulmuş riski, ana bətnində inkişafdan qalma hamiləlik riski kimi təhlükələr ola bilər.
- Statistikaya görə, son illər marifləndirmə tədbirlərinin görülməsinə baxmayaraq selektiv abortlar çoxalıb. Abortların orqanizm üçün fəsadları nələrdir?
- Respublikamızda və qardaş Türkiyədə 10 həftəyə qədər ailə istəyinə görə abortların edilməsi qanunidir. Ancaq böyük həftə hamiləliyin sonlandırılması cinayətdir. Bəzən tibbi göstərişlərə əsasən hamiləlik sonlana bilər. Amma, tibbi səbəblər olmadan da bəzi qadınlar abort etdirmək istəyir. Ailələrin abort etdirmə səbəbləri müxtəlifdir. Səbəblərdən biri hazırda ailədə çox uşaq böyütmək sosial və iqtisadi cəhətdən ağır olduğu üçün ailələr bəzən plansız olan hamiləliyi sonlandırmaq istəyirlər.
Abort çox sadə səslənsə də əslində böyük risklər daşıyır, təcrübəli həkimlər tərəfindən icra edilməlidir. Çünkü şiddətli qanaxmalar ola bilər ki, bu da gənc yaşda qadının uşaqlığının alınması ilə nəticələnə bilər. Abort sonrası uşaqlıq içərisində bitişikliklər ola bilər ki bu da qadının aybaşısının azalmasına həttda aybaşı olmamasına, bir daha hamilə qala bilməməsinə səbəb ola bilər. Hamilə qalmaq istəməyən xanımlarımız həkimə müraciət edərək qoruyucu vasitələrdən düzgün şəkildə istifadə edə bilərlər. Ən çox müraciət edilən qoruyucu vasitələr spiral və dərmanlardır. Təbii ki, hər pasiyentə bunlar məsləhət görülmür. Bunun üçün həkim müayinəsi lazımdır.
- İndi hamilə qadınlar qeysəriyyə əməliyyatı ilə doğuşlara daha çox üstünlük verirlər , bu normaldırmı? Sonradan ana və uşaq üçün hansı fəsadı ola bilər?
- Hər zaman söylədiyim bir cümlə var: hər şeyin normalı, təbiisi gözəldir. Yəni normal doğum bir fizioloji prossesdir. Tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatının olmasına mən də qarşıyam. Amma təəssüflər olsun ki, qadınlarımızın çoxu daha rahat doğum şəkli olan qeysəriyyə əməliyyatını seçirlər. İlk baxışda bu proses normal görünsə də, sonradan bir çox ağırlaşmaları ola bilər. Bu da bir əməliyyat növü olduğu üçün əməliyyat sonrası qarın boşluğunda bitişikliklərin əmələ gəlməsi, ağrıların daimi qalması, ikinci və üçüncü hamiləliklərin məcburən qeysəriyyə əməliyyatı ilə olmasına şərait yaradır. Qeysəriyyə sonrası yara yerinin gec sağalması, övladını o an qucağına ala bilməməsi, uzun müddət yataq şəraitində qalması kimi mənfi tərəfləri var.
- Tibb elmi inkişaf etsə də hələ də doğuş zamanı ana ölümlərinə rast gəlinir. Necə hesab edirsiniz, bütün doğuşları ölümsüz sonlandırmaq olardımı? Qadın nə etməlidir ki hamiləliyi normal doğuşla nəticələnsin?
- Əslində ana ölümlərinin əsas səbəblərindən biri evdə doğumların olmasıdır, qanaxmalarla qarşılaşdıqlarında zamanında xəstəxanaya çatdıra bilməməkdir. Çünkü doğumlar sonrası bunun qeysəriyyə və ya normal doğuş olmasından asılı olmayaraq uşaqlığın atoniyası dediyimiz bir hal var ki, o an qadında qanaxmaları durdurmaq üçün müdaxilə etməsəniz, qısa zaman sonrası qan itkisindən ana ölümü ilə nəticələnə bilər.
Hamilənin normal doğuş etməsi üçün aylıq , həftəlik, günlük kontrol müayinələrə getməsi lazımdır. O, təcrübəli həkimlər tərəfiındən təqib edilməlidir. Çünkü doğuş sırasında olan qanaxmaların səbəblərindən biri də ciftin yerləşmə anomaliyasıdır. Bunlara diqqət etmək lazımdır.