Əmziyi necə tərgidək?

Əmzik 2 yaşdan sonra, uzağı 4 yaşa qədər mütləq tərgidilməlidir. Uşaq əmzikdən nə qədər çox istifadə edirsə onun nitqi bir o qədər gecikir, söz ehtiyatı azalır, çənədə əyilmələrə gətirib çıxarır (gələcəkdə breketlərə ehtiyac yaranır). Ağız suyu daim artdığına görə uşaqlar təkrarlayan yuxarı tənəffüs yolu infeksiyaları keçirir, gecə öskürəkləri yaranır.

2 yaşında uşaq sizin dediklərinizi anlamağa qadirdir. Ona, artıq böyüdüyünü, böyük uşaqların əmzikdən istifadə etmədiyini, əmziyin tez-tez çirkləndiyini izah edin. (lazımdırsa, dəfələrlə) Fikrini başqa, daha maraqlı şeylərə, sevdiyi yeməyə yönəldin. Ağzında əmzik görməyəndə sevindiyinizi bildirin. Mükafat olaraq onu həyətə, ya da sevdiyi bir yerə apara bilərsiniz.

Ehtiyac olsa çeynəmək üçün oyuncaqlar alın.

Bunun üçün neqativ addımlar yolverilməzdir! Əmziyi uşağın gözü qarşısında parçalamaq, atmaq, acılamaq, çirkli şeyə batırmaq, uşağı əmziyə görə danlamaq, lağa qoymaq, alçaltmaq, uşağa gülmək olmaz!