Bildiyiniz kimi, Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişin tərəfindən uçuş öncəsi COVID-19-la əlaqəli tibbi arayışların saxtalaşdırılması faktı aşkar olunub.
Mərkəzimizin rəsmi nəticə blankında təqdim olunmasına baxmayaraq, 96 sərnişinin heç birinin bizə müraciət etməməsi və nəticələrin bizim tərəfimizdən onlara təqdim olunmaması sübut olunub. Təəssüf ki, pasiyent bazamızda məlumatı olmayan şəxslər müxtəlif proqramlar vasitəsilə nəticələri saxtalaşdıraraq özlərinə uçuş öncəsi tibbi arayış hazırlayır. Vətəndaşlar tərəfindən yol verilən bu tip qanunsuz əməllərə görə biz heç bir məsuliyyət daşımırıq.
Bu kimi halların qarşısını almaq məqsədilə 4 aya yaxındır ki, mərkəzimiz tərəfindən təqdim olunan bütün tibbi arayışların üzərində xüsusi QR kodlar yerləşdirilib. Bu QR kodları yerindəcə hava limanında təyin olunan müvafiq əməkdaşlar tərəfindən skan etmək kifayət edir ki, həmin tibbi arayışın saxta və ya real olduğu bilinsin.
Arayışın doğruluğunu təsdiq etmək üçün, bizim tərəfimizdən təqdim olunan nəticələrin TƏBİB-in bazasında mövcud olması kifayətdir. Nəticələrin bizim və TƏBİB-in bazasında olmaması isə sənədin doğru olmamasının birbaşa sübutudur. Mövcud 96 sərnişinin nəticəsinin saxta olması da belə aşkar olunub. Hava limanında uçuş öncəsi bu tip hallar aşkarlandıqda, yerindəcə hüquq mühafizə orqanlarına məlumat verilir və həmin şəxslər barəsində onlar tərəfindən xüsusi tədbir görülür.
Baş verən bu və digər buna uyğun qanuna zidd hallara görə klinikamız məsuliyyət daşımır. Leyla Medical Center-in işgüzar nüfuzuna xələl gətirən bu tip hallara görə dəfələrlə hüquq mühafizə orqanlarına və TƏBİB-ə məlumat verilib.
Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarından xahiş edirik ki, mərkəzimizin hüquqlarına hörmətlə yanaşaraq həqiqəti əks etdirməyən, ictimai rəyi qarışdırmaq məqsədi ilə yayılan hər bir xəbəri Leyla Medical Center-in mətbuat katibliyi ilə dəqiqləşdirmədən ictimailəşdirməsinlər.
Təkrar olaraq, qeyd etmək istərdik ki, nəticələrimizin doğru olub-olmamasının təyini məqsədilə rəsmi cavab blankı üzərində qeyd olunan QR kodu skan etməyiniz və saytımızın elektron nəticə bölümünə daxil olaraq, pasiyentin şəxsi məlumatlarını qeyd etməyiniz kifayətdir.