Piylənmənin –müalicəsində pəhriz, fiziki yüklənmə və pasiyentin psixoloji vəziyyətinin korreksiyası müştərək formada aparıldıqda daha yüksək nəticələr əldə edilir.
Kişilərlə müqayisədə qadınlar piylənməyə 2 dəfə artıq məruz qalır. Artıq çəkinin yarandığı kritik dövr 30-60 yaş arasıdır. Ümümdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlərinin fikrincə piylənmə peşə, sosial, milli, coğrafı, cinsi və yaş qrupundan asılı olmayaraq, planetimizin milyonlarla əhalisini əhatə edən qlobal epidemiyadır.Piylənmə hallarının 90%-i qida qəbulu, 5%-i isə metabolik pozğunluqlarla bağlı olur.
Piylənmənin yaranmasına təkan verən amillər aşağıdakılardır:
- az hərəkətli həyat tərzi;
- ferment aktivliyinin irsi pozğunluğu (lipogenezdə iştirak edən fermentlərin fəallığının yüksəlməsi, yağları parçalayan (lipoliz) fermentlərin aktivliyinin zəifləməsi);
- qidalanma rejimində və xarakterində yol verilən xətalar (karbohidrat, yağ, qənnadı məmulatları, duz və spirtli içkilərin həddindən artıq qəbulu, axşam saatlarında qidalanma və s.);
- bəzi endokrin patologiyalar (hipotireoz, hipoqonadizm, insulinoma, İtsenko-Kuşinq xəstəliyi);
- psixogen mənşəli izafi qidalanma;
- fizioloji vəziyyətlər (laktasiya, hamiləlik, klimaks);
- stresslər, yuxusuzluq, psixotrop və hormonal preparatların (steroidlər, insulin, kontraseptiv vasitələr) qəbulu.