Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Tutmalardan əvvəl ön əlamətlər, aura ola bilər, tutma zamanı ümumi beyin əlamətləri xarakterikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyildir.
Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmış növüdür və müalicəsi mümkün olan bir nevroloji xəstəlikdir. Uzun müddət davam edən miqren ağrıları miqren statusu adlanır. Miqren zamanı baş ağrılarının səbəbi qan damarlarının ətrafındakı sinir liflərinin kimyəvi preparatların təsiri, qan damarlarının genişlənməsi nəticəsində sıxılmasıdır. Bu xəstəliyə kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür.
Əgər baş ağrılarınız krizlər halında ortaya çıxırsa, bu ağrıya miqren ağrısı deyə bilərik. Xəstəlik zamanı krizlər bəzi insanlarda ildə 1-2 dəfə, bəzilərində isə ay ərzində dəfələrlə görülə bilir. Əksər baş ağrıları isə şiddətli formada baş verir. Miqren ağrılarının digər formalı baş ağrılarından fərqi isə ürək bulanma, bəzən qaytarma və bəzən də səs, işıq və qoxulara olan həssaslığın müşahidəsidir. Miqrenin tutmalarına atmosfer elektriki, günəşin aktivliyi, maqnit qasırğasının da təsiri ehtimal edilir.
Toxumalarda monoaminlərin, serotoninin azalması, trombositərin aqresiyasının artması miqren tutmaları ilə əlaqəlidir. Çox vaxt baş ağrı tutmasından əvvəl, ağrı fazasını bir neçə saat və yaxud bir neçə gün qabaqlayan əlamətlər olur. Ön əlamətlər psixi (depresiya, əsəbilik, həyəcan və s), sensor. vegetative simptomlarla təzahür edə bilər. Lakin miqren diaqnozunun qoyulması üçün həkim müayinəsi və doğru müalicə üçün isə miqren növləri əsas şərtdir. Miqrenin doğru dəyərləndirilməsi üçün mütləq şəkildə xəstəlik təsdiqlənməlidir.
Miqrenin təsnifatı aşağıdakı formada verilir:
1. Aurasız miqren
2. Miqren aura ilə (tipik aura ilə - klassik, oftalmik miqren; uzun sürən aura ilə)
3. Oftalmoplegik miqren
4. Retinal miqren
5. Uşaqlıq yaşlarının dövrü sindromları – miqrendən əvvəl gələn ön əlamətlərdə ola bilənlər, onunla birgə də ola bilər (uşaqlarda xoşxassəli paroksizmal başgicəllənməsi; uşaqlarda alternik hemiplegiya)
6. Ağırlaşmış miqren (miqrenoz status, miqrenoz insult)
Miqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır. ürəkbulanma, qusma ilə müşayiət olunur.
Auralı miqrenin diaqnostika kriteriləri bunlardır:
1) Ən azı iki xarakter tutma.
2) Miqrenoz tutmalar növbəti xarakteristikaya malikdirlər: a)fokal serebral qabıq və ya gövdə funksiyasından xəbər verən aura simptomlarının tam dönmə qabiliyyəti; b) auranın heç bir simptomu 60 dəqiqədən çox çəkmir; c) aura ilə tutma arasında “aydın” fasilənin müddəti 60 dəqiqədən azdır.
Miqren aurası – miqren baş ağrılarının əvvəlində və ya ondan öncə baş verən simptomların kompleksidir.
Simptomlar müsbət (məsələn: işıqlanma, ləkələr, əyri xətlər, iynə batması) və mənfi (görmənin itməsi, dilin tutulması) ola bilər. Simptomlar 5 dəqiqə ərzində tam formalaşır və 60 dəqiqə ərzində keçir. Auranın müxtəlif simptomları ardıcıl olaraq baş verə bilər.
Oftalmik miqren zamanı prodromal dövr nadir hallarda qeyd olunur, lakin görmə aurası xarakterikdir ki, bu da kontralateral eyniadlı görmə sahələrində təzahür edən arxa beyin arteriyası hövzəsində dissirkulyasiya ilə şərtlənmişdir. Görmə aurası təzahürləri bir neçə dəqiqə çəkir. Görmə aurası fonunda baş ağrısı ən çox alın – gözyuvası tərəfdə, əks tərəfdə olur. Oftalmik miqren tutmaları ən çx qıcıqlarla provokasiya olunur.
Retinal (tor şəkilli) miqren tutması aura ilə başlayır. Aura tor qişasının küçici işemiyası nəticəsində baş verir və bir gözdə, daha az iki gözdə müxtəlif ölçülü mərkəzi və parasentral skotomalarla təzahür olunur. Renital auranın müddəti 3-20 dəqiqə olur.
Assosiativ miqren tutmaları aura ilə başlayır, beyinin bu və ya digər müvafiq hissəsində qan dövranının küçici çatışmazlığı ilə şərtlənmiş steriotip ocaqlı nevroloji simptomatika ilə təzahür olunur. Bu zaman ocaqlı nevroloji əlamət baş ağrısının başlanması və kulminasiya dövründə də, bəzən isə ağrıdan sonra da saxlanıla bilər.
Miqrenin ağır təzahürlərindən biri də miqrenoz statusdur – bir-birini əvəzləyən miqrenoz tutma seriyalarıdır və bu halda növbəti tutma əvvəlkindən daha ağır olur. İntensiv baş ağrısı, ürəkbulanma və qusma ilə müşahidə olunur. Status 72 saat və daha çox uzana bilər, bu vaxt kələdaxili təzyiq artır, beyin ödeminin digər əlamətləri və ocaqlı nevroloji pozğunluqlar da ola bilər.
Tipik miqrenoz hücum zamanı miqrenoz insult yarana bilər. Diaqnoz KT və MRT müayinələr zamanı dəqiqləşdirilir. Bu zaman auranın nevroloji sindromları əksər müşahidələrlə miqrenoz insultun lokalizasiyasına müvafiq yerləşib. Belə hallarda beyində işemiya arteriolların spazmı və hemokaoqulyasiya ilə müşahidə olunan kompeks neyro-metabolik dəyişikliklər nəticəsində yaranır.
Miqreni yaradan səbəblər müxtəlifdir. Əsas səbəblərin başında genetik faktorlar dayanır. Ailənizdəki fərdlərdən birində miqren varsa, siz də bu xəstəliyin görülmə riski 40 faizdir. Həm anası, həm atası miqren olan bir insan da isə bu nisbət 75 faizə qədər qalxır. Miqren ağrılarının digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Bu səbəb ən çox qadınlarda görünür. Xüsusilə də menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir. Həmçinin bulantı, qusma, işığa və səsə həssaslıq da yarana bilər. Adətən təktərəfli şəkildə güclü ağrılar baş verir.
Miqrenin ən böyük əlaməti şiddətli ağrılardır. Hətta o qədər güclü ola bilər ki, şəxs yerindən qalxa bilməyəcək vəziyyətə belə gələ bilir. Miqrendəki baş ağrısı göz və ya gözün arxasında da hiss edilir. Alın, başın arxa tərəfi və qulağın arxası miqren ağrılarının ən çox hiss edilən nahiyələridir. Baş ağrıları ilə yanaşı depressiya, həddindən çox sevincli olmaq, durğunluq, diqqət azlığı, danışan zaman yaranan çətinlik, əsnəmə, yatmaq istəyi, qəbizlik, ishal da miqrenin əlamətləri sırasındadır. Ən çox bilinən digər əlamət isə qoxulara qarşı həssaslıq hissidir. Bunlar da miqrenin şiddətini artıra bilir.
Miqrenin əlamətlərindən biri də “auralar”dır. Şiddətli baş ağrısından öncə görülən bəzi nevroloji əlamətlərə “aura” deyilir. Miqren aurası başlamazdan öncə, ağrının başladığı zaman və ya ilk zamanlarında olur. Əldə, dildə və ya ağız, çənədə uyuşmalar da baş verə bilər.
Miqreni tətikləyən (artıran) faktorlar insandan-insana dəyişməkdədir. Pendir və şokolad kimi bəzi qidalar da ağrıları artıra bilər. Həmçinin, düzgün qidalanmamaq və ya kifayət qədər su içməmək də miqren ağrılarını artıra bilir. Yuxu da digər əsas məsələlərdən hesab olunur. Belə ki, yaxşı yatmamaq ağrıları artıra bilər.
Çox parlaq və yanıb sönən işıqlar, həmçinin kəskin qoxular və iqlim dəyişiklikləri də miqreninizi artıra bilər. Bununla yanaşı psixoloji vəziyyətlər, qadınlardakı hormonal dəyişikliklər də öz təsirini göstərə bilir. Miqrenə müsbət təsir göstərən qidalar olmasa da, şiddəti artıran yeməklərdən uzaq durulmalıdır. Kakao, quru lobya, mərcimək, dəniz məhsulları, spirtli içkilər, hazır ət, toyuq suyu bulyonları, pendirlər, qəhvə, əncir, quru üzüm, avokado, banan, və s. kimi qidalar miqren ağrılarını şiddətləndirir.
Müalicə zamanı ilk olaraq diaqnoz qoyulmalıdır.
Mütəmadi olaraq baş verən ağrılar zamanı isə ikincili başağrılarını inkar etmək üçün başın tomoqrafiyası həkimlər tərəfindən tövsiyə edilməkdədir. Uyğun müalicə ilə xəstələr miqren krizlərindən xilas ola bilərlər. Həmçinin, xəstəliyi şiddətləndirə biləcək faktorlardan da uzaq duraraq ağrıları azaltmaq olar. Miqrenə uyğun həyat tərziniz olmalıdır, bu olmasa dərmanlar çox da effektiv olmaya bilər.
Gündəlik həyatınızda bunlara diqqət olumalıdır:
• Mütəmadi idman etmək;
• Stresdən maksimum dərəcədə uzaq durmaq;
• Spirtli içkilərdən imtina etmək;
• Az və ya çox yatmamaq;
• Baş ağrılarının nə zaman olduğunu dəqiqləşdirmək;
• Uyğun çəkidə qalmaq;
• Müalicə zamanı dərmanlar mütləq şəkildə həkimin tövsiyəsi ilə qəbul edilməlidir.
Miqrenin müalicəsi fərdi formada həyata keçilir. Bu cür şikayətləri olan pasiyentlərin keçmiş hekayəsi araşdırılmalı, baş və boyun hissələrinin müayinələri aparılmalı və hər bir xəstəyə uyğun fərdi müalicə başlanılmalıdır. Bu zaman əzələlərin də yoxlanılmasında fayda var.
Xəstənin sudan istifadəsi, necə qidalandığı, stress dərəcəsi, ətraf faktorlar dəqiqləşdirilməlidir. Bununla yanaşı, miqren ağrıları digər xəstəliklərə bənzəyə bilir. Aparılan araşdırmalara görə, xəstələrin 53%-i psixogenik və ya xəstəlikdən sonra psixoloji problemlər səbəbilə baş ağrısından əziyyət çəkirlər. Bu səbəbdən bütün xəstələrə eyni yanaşmaq doğru deyildir.