News

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən təltif edilmiş tibb işçilərinə mükafatlar təqdim edilib

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı və fəxri adlarla təltif edilib. Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Abdurahmanov Mehrab Nəhməd oğlu, Əliyeva Nailə Həsən qızı, İsmayılov Hikmət İbrahim oğlu, Pirəliyeva Həqiqət Novruz qızı və Rəhimov Afiq Allahverdi oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər. Prezident İlham Əliyevin digər Sərəncamı ilə Qədirova Nuriyə Baba qızına “Əməkdar həkim” fəxri adı verilib.

Bununla əlaqədar Səhiyyə Nazirliyində tədbir keçirilib. Toplantıda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev təltif edilmiş səhiyyə işçilərini təbrik edib. Nazir bildirib ki, mükafatlanan şəxslərin hər birinin səhiyyə sahəsində uğurları və naliyyətləri var.

Qeyd olunub ki, son illər Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, layihələr, inşa olunan tibb müəssisələri, onların ən müasir avadanlıqla təchiz olunması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.

Daha sonra səhiyyə naziri Teymur Musayev mükafatları təqdim edib və mükafatlanan şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.